“Çempionlar Liqasında növbəti mərhələyə adlamaq şansımız var. “Qarabağ”la cavab oyunu bizim üçün çox vacibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Viktoriya” klubunun futbolçusu Yan Kovarik deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində plzenlilər bu gün “Qarabağ”ın qonağı olacaqlar.
Ölkəsinin mətbuatına açıqlama verən Kovarik matçla bağlı fikirlərini bölüşüb. 28 yaşlı yarımmüdafiəçi komandasının ən önəmli görüşlərdən birinə çıxacağını qeyd edib.
O bildirib ki, “Qarabağ”a uduzacağı halda, “Viktoriya” üçün yaxşı olmayacaq: “Komanda müsbətə doğru dəyişilməlidi. Əgər şansdan istifadə edə bilməsək, bizim üçün yaxşı olmayacaq. Bizim üçün ən məsuliyyətli vaxtdı. Bunu düzgün dəyərləndirməliyik”.
Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” matçı saat 20:30-da start götürəcək. Bu komandaların Plzendə baş tutmuş ilk görüşündə qolsuz bərabərlik qeydə alınıb.