Türkiyə Futbol Federasiyası (TFF) Avropa Superkubokunun və ya Avropa Liqasının İstanbulda keçirilməsi üçün UEFA-ya rəsmi müraciət edib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, TFF 2019-cu ildə keçiriləcək həlledici qarşılaşmalardan birini “Beşiktaş”ın stadionu “Vodafon Arena”da qəbul etmək niyyətindədi.
Bununla, Avropa Liqasında 2018-19 mövsümünün final görüşünə ev sahibliyi etmək istəyən Bakı Olimpiya Stadionunun (BOS) rəqiblərinin sayı artıb. “Vodafon Arena” ilə yanaşı, “Dinamo Arena” (Tiflis, Gürcüstan), “Frankfurt” (Frankfurt, Almaniya), “Ştutqart Arena” (Ştutqart, Almaniya), “Hampden Park” (Qlazqo, Şotlandiya) və “Roman Sançes” stadionu (Sevilya, İspaniya) da ev sahibliyi üçün müraciət edib.
İstanbulun Superkubok uğrunda rəqibləri isə Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Budapeşt (“Florian Albert”, Macarıstan), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa), Varşava (“Narodovi”, Polşa) və Qlazqo (“Hampden Park”, Şotlandiya) şəhəridi.
UEFA stadionlarla bağlı qərarını sentyabrda açıqlayacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 2018-19 mövsümündə Çempionlar Liqasının finalına da namizəddi. Burdakı yeganə rəqib isə “Atletiko”nun yeni arenası “Metropolitano” olacaq.