Topaz Premyer Liqasının XXXVI turunda “Rəvan”ın qonağı olacaq “Xəzər Lənkəran” oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, cənub klubunun 2 futbolçusu paytaxt təmsilçisi ilə görüşü buraxacaq.
Söhbət Nodar Məmmədov və İlyas Səfərzadədən gedir. Zədədən əziyyət çəkən Məmmədov ötən turda da komandasına kömək edə bilməmişdi. Həkimlər ayağında hələ də ağrılar hiss edən müdafiəçiyə cari mövsümün son görüşündə də oynamağa icazə verməyiblər.
Zədəli olmayan Səfərzadənin “Rəvan”a qarşı oynamayacağının səbəbi isə səhhətində problemin yaranmasıdı. “Sumqayıt”la görüşdə adı “18-lik”də olan İlyas bu dəfə heyətdən kənarda qalacaq.
Əvəzində “ağ-yaşıllar”ın bir futbolçusu sıraya dönüb. Sarı vərəqə limitini doldurduğu üçün ötən turu buraxan Vaquf Güləliyev cəza müddətini başa vurub. Gənc yarımmüdafiəçi “Rəvan”la qarşılaşmada komandasına kömək edə biləcək.
Qeyd edək ki, sabah keçiriləcək “Rəvan” – “Xəzər Lənkəran” matçı saat 17:00-da start götürəcək.