Topaz Premyer Liqasının XXX turunda “Zirə”nin qonağı olacaq “Xəzər Lənkəran” klubu matçın hazırlığına sabah start verəcək. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” gündə 2 dəfə olmaqla, hazırlıq keçəcəklər.
Cənub klubunun indiki məqamda heyətlə bağlı 1 problemi var. Söhbət “Neftçi” ilə çempionat görüşündə zədələnən Elfad Baləhmədovdan gedir. Gənc futbolçu qaşı partladığından, “ağ-qaralar”la matçın fasiləsində əvəzlənmək məcburiyyətində qalmışdı.
Bununla belə, Baləhmədovun “Zirə”yə qarşı oynayacağı gözlənilir. Baş məşqçi Elbrus Məmmədovun sözlərinə görə, Elfadın bu matçda meydana çıxmaq ehtimalı yüksəkdi: “Elfad çox israrlı futbolçudu. “Neftçi” ilə matçda qaşı partlasa da, oyunu sona qədər davam etdirmək istəyirdi. Ancaq biz razılaşmadıq. Odu ki, “Zirə” ilə görüşə kimi tam hazır olacağını düşünürəm”.
“Xəzər Lənkəran” doğma meydandakı hazırlığı başa vurduqdan sonra oyun günü, səhər saatlarında Bakıya səfər etməyi planlaşdırır.
Qeyd edək ki, aprelin 17-də keçiriləcək “Zirə” – “Xəzər Lənkəran” qarşılaşması saat 16:30-da start götürəcək.