Qış hazırlığını ölkə daxilində davam etdirən “Xəzər Lənkəran” bir futbolçusunu geri qaytarmağa müvəffəq olub. Apasport.az saytı xəbər verir ki, söhbət Tural Cəlilovdan gedir.
Futbolçu yenidən “ağ-yaşıllar”ın formasını geyinəcək. Bunu əməkdaşımızla söhbətində “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib.
O bildirib ki, bu günlərdə Cəlilovla yeni müqavilə imzalanacaq: “Turalı komandaya dönməyə razı sala bildim. Dünəndən etibarən məşqlərdə iştirak edir. Düzdü, hələ müqavilə bağlamamışıq. Amma tezliklə Turalla 1 illik sözləşmə imzalayacağıq”.
“Xəzər Lənkəran”ı tərk edən digər təcrübəli futbolçu Rasim Ramaldanov isə hələ ki, gələcək karyerası ilə bağlı yekun qərarını verməyib. Məmmədov hazırda Rasimdən cavab gözlədiyini bildirib: “Məlumdu ki, onun da qayıtmasını istəyirəm. Amma Rasim hələ mənə cavab verməyib. Bildiyimə görə, onun Türkiyə variantı da var”.
Qeyd edək ki, “Xəzər Lənkəran” sabah “Sumqayıt”ın əvəzedici heyəti ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.