[b]“Xəzər Lənkəran” Tuyqun Nadirovun namizədliyini geri götürdü[/b]
10.03.2016 - 10:42
[b]“Xəzər Lənkəran” Tuyqun Nadirovun namizədliyini geri götürdü[/b]

“Xəzər Lənkəran” klubu vitse-prezidenti Tuyqun Nadirovun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyini geri götürüb. Bu barədə məlumat apasport.az saytına komandadan verilib.

 

Belə ki, əyalət təmsilçisi assosiasiyanın Hesabat-Seçki Konfransından bir gün öncə komitədə təmsil olunmaq istəyindən imtina edib.

 

Bununla bağlı klubun rəsmi da məlumat yerləşdirilib: “Səsvermədə iştirak edən subyektlərin mütləq çoxluğunun faktiki olaraq ölkənin futbol həyatında əsas rol oynamadığını və bunun nəticəsində səsvermənin öz məqsədlərinə tam cavab vermədiyini nəzərə alaraq “Xəzər Lənkəran” Futbol Klubu Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyini geri götürür.

 

Qeyd edək ki, mövcud qaydalara əsasən, ümumi 34 səsdən 24 səs hüququ Regional və Sahə Futbol Federasiyaları, həmçinin İctimai Futbol Təşkilatlarına məxsusdu. Bu isə öz növbəsində seçkilərə müstəqil surətdə namizədlik verən şəxsin komitəyə seçilməsini əngəlləyir və sağlam rəqabət prinsiplərinə uyğunsuzluq yaradır.

 

"Xəzər Lənkəran" Futbol Klubu İcraiyyə Komitəsini namizədliyi irəli sürülmüş hər kəsə uğurlar arzulayır və Komitənin ölkə futbolunun inkişafına dəyərli töhfələr verəcəyinə inamını bildirir”.

 

Bununla, İcraiyyə Komitəsinin təxmini tərkibi müəyyənləşib. Yəni artıq 11 yerə 11 namizəd qalıb. Bunlar Rövnəq Abdullayev, Elmar Məmmədyarov, İsgəndər Cavadov, Kazbek Tuayev, Elşad Nəsirov, Rauf Əliyev, Qurban Qurbanov, Vaqif Sadıqov, Mahir Məmmədov, Mirkamil Rəhimov, Firudin Qurbanovdu.