[b]“Xəzər Lənkəran”dan AFFA-ya təklif[/b]
08.04.2016 - 16:35
[b]“Xəzər Lənkəran”dan AFFA-ya təklif[/b]

Ötən tur “Qarabağ”la oyuna hərbi formada çıxmaqla, cəbhə bölgəsində şəhid olanları anan “Xəzər Lənkəran” daha bir anlamlı hərəkət etmək arzusundadı. Komandanın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, həftəsonu “Neftçi”ni qəbul edəcək “ağ-yaşıllar” prinsipial rəqibi ilə oyunlara tətbiq olunan “azarkeş qadağası”nın aradan qaldırılmasını istəyirlər.

 

Artıq neçə mövsümdü ki, bu 2 iki komandanın Lənkərandakı görüşünə “Neftçi”nin, Bakıdakı matçına isə “Xəzər Lənkəran”ın azarkeşlərinin buraxılmasına qadağa qoyulub. Hər iki tərəf bu qərardan narazı olsa da, hələlik məsələ müsbət həllini tapmayıb.

 

“Xəzər Lənkəran” tərəfi bu tur baş tutacaq görüşə “Neftçi” azarkeşlərinin buraxılmasına razıdı. Onlar son günlər Ermənistanla münaqişədə şəhid olan həmyerlilərimizi tribunada məhz “ağ-qaralar”ın fanatları ilə birlikdə anmaq, Dağlıq Qarabağa aid olan şüarları bir yerdə səsləndirmək istəyirlər.

 

Cənub klubu bununla bağlı AFFA-ya təklif irəli sürüb. Assosiasiya isə bu təklifə hələ ki, cavab verməyib.

 

Qeyd edək ki, aprelin 10-da baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması saat 16:30-da start götürəcək.