Topaz Premyer Liqasının XXX turunda “Zirə”yə məğlub olan “Xəzər Lənkəran”da zədəlilərin sırasına daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, cənub klubunun müdafiəçisi Nodar Məmmədov da sıradan çıxıb.
Dünənki qarşılaşmada zədə alan Məmmədov oyunu sona qədər davam etdirə bilməyib. Ayağında ağrı hiss edən futbolçu 54-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Dabanından zədələnən Nodarın durumuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək. İlkin ehtimala görə, 28 yaşlı futbolçunun zədəsi ciddidi.
“Xəzər Lənkəran”ın zədəlilər “karvan”ında İlyas Səfərzadə və Elfad Baləhmədov da yer alır. Məşqdə xəsarət alan İlyas “Zirə” ilə qarşılaşmada komandasına kömək edə bilməmişdi. Sol cinah müdafiəçisinin növbəti oyuna qədər sıraya dönəcəyi gözlənilir.
Elfad Baləhmədov isə “Neftçi” ilə çempionat matçında zədələnmişdi. Qaşı partlayan futbolçuda beyin silkələnməsi qeydə alınmışdı. Bu səbəbdən onun da adı “Zirə” ilə görüşün iştirak ərizəsinə daxil edilməmişdi. Lakin Baləhmədovun da Səfərzadə kimi XXXı turda “Qəbələ” ilə keçiriləcək qarşılaşmaya hazır olacağı gözlənilir.