[b]“Yagelloniya” futbolçusunu “Neftçi”yə buraxmır[/b]
25.01.2017 - 10:43
[b]“Yagelloniya” futbolçusunu “Neftçi”yə buraxmır[/b]

“Yagelloniya”nın futbolçusu Konstantin Vasilyevi heyətinə qatmaq istəyən Azərbaycan klubunun adı müəyyənləşib. Apasport.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, estoniyalı yarımmüdafiəçi ilə “Neftçi” danışıq aparır.

 

Hazırkı klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan Vasilyev iş yerini dəyişməkdə israrlıdı. Azərbaycanla yanaşı, Qazaxıstandan da təklif alan 32 yaşlı futbolçu polşalıların yeni sözləşmə istəyini rədd edib.

 

“Yagelloniya” ilə mövsümün sonuna qədər müqaviləsi olan Vasilyev indidən yolları ayırmaq istəsə də, klub rəhbərliyi buna qarşı çıxıb. Futbolçunun meneceri Andrey Stepanov da açıqlamasında Vasilyevin yaya qədər Polşada qalmalı olduğunu təsdiqləyib: “Bir neçə klubdan təklif almışıq. Amma “Yagelloniya” rəhbərliyi istəyir ki, Konstantin müqaviləsinin sonuna qədər burda qalsın. Yəni, Vasilyevi heyətinə qatmaq istəyən klublarla danışıq aparmaqda maraqlı deyillər. Onlar futbolçuya elə transfer qiyməti qoyurlar ki, bu da Vasilyevin indiki məqamda başqa komandaya keçidini mümkünsüz edir. Amma klubun buna haqqı var, çünki qüvvədə olan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Rəhbərliklə yenə görüşəcəm. Futbolda bəzən gözləmədiyin hallarla üzləşirsən, hər şey mümkündü. Ancaq 90 faiz əminəm ki, müştərim mövsümün sonuna qədər “Yagelloniya”da qalmalı olacaq”.

 

Polşa mətbuatında Vasilyevin indidən başqa klubla müqaviləyə qol çəkdiyi və yayda həmin komandanın heyətinə qoşulacağı ilə bağlı məlumatlar yayılsa da, Stepanov bunu təkzib edib: “Biz digər klublarla danışıqları yayda aparmağı məqsədəuyğun sayırıq. Vasilyevi istəyən komandalar səbrli davranmalı və mövsümün sonunu gözləməlidilər”.

 

Polşalılar Vasilyevi heyətinə qatmaq istəyən Azərbaycan təmsilçisinin “Neftçi” olduğunu açıqlayıblar. 

 

Qeyd edək ki, karyerası ərzində “Levadia” (Estoniya), “Nafta” (Sloveniya), “Koper” (Sloveniya), “Amkar” (Rusiya) və “Piast” (Polşa) klublarının da formasını geyinmiş Vasilyev 2015-ci ildən “Yagelloniya”da çıxış edir. 2006-cı ildən Estoniya yığmasının da üzvü olan futbolçu millidə 93 oyunda 22 qola imza atıb.