[b]“Zirə” 2 qol vursa...[/b]
29.06.2017 - 13:34
[b]“Zirə” 2 qol vursa...[/b]

Bu gün keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları tarixi hadisə ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının avrokuboklar tarixində vurduğu qolların ümumi sayı 250-nin astanasındadı.

 

Yubiley – 250-ci qolu vurmaq üçün yalnız iki dəfə fərqlənmək lazımdı. Belə ki, 1994-cü ildə avrokubok səhnəsinə çıxan komandalarımız indiyədək 248 dəfə rəqib qapılarına yol tapıb.

 

Bu isə o deməkdi ki, bu gün vurulacaq 2-ci qolun müəllifi tarixə yubiley topunun sahibi kimi düşəcək. Bakıda Lüksemburq “Differdanj”ını qəbul edən “Zirə” futbolçularının bunu reallaşdırması daha inandırıcıdı. Vaxt baxımından meydana daha tez çıxacaq bakılılar öncə mövsümdə ilk qolumuzu, ardınca yubileyi gerçəkləşdirmək imkanına malikdi.

 

Qəsəbə klubu 250-ni fəth edə bilməsə, növbə digər Bakı klubu “İnter”ə keçəcək. Serbiyada “Mladost”un qonağı olan paytaxt futbolçularından birinin də 250-ci qolun müəllifi olması mümkündü.

 

İki paytaxt klubunun ümumilikdə 180 dəqiqədə 2 qol vurması kifayət qədər realdı. Əgər təmsilçilərimiz bunu bacarmasa, yubiley gələn həftəyə - cavab oyunlarına təxirə salınacaq.

 

İndiyədək vurulan 248 qol bütün turnirlərin hesabına əldə olunub. Futbolçularımız qatıldığı Çempionlar Liqası, Avropa Liqası (əvvəlki UEFA kuboku), həmçinin tarixin yaddaşına köçən Kuboklar Kuboku və İntertoto kuboku turnirlərinin hər birində qol sevinci yaşayıb.

 

Nəticəsi ləğv edilən və texniki hesabla yekunlaşan qarşılaşmaları nəzərə almasaq, 280 oyunda vurulan 248 qola 14 klubumuz imza atıb. Ümumilikdə təmsilçilərimizin orta məhsuldarlığı 0,886-ya bərabərdi. “Qarabağ” bu göstəricidə rekordçudu – 76 qol. Avrokubokların debütantı olan “Zirə” qol hesabını açsa, qitə miqyaslı turnirlərdə rəqib qapısına yol tapan 15-ci təmsilçimiz kimi tarixə düşəcək.

 

Qeyd edək ki, Azərbaycan klublarının avrokuboklarda ilk qolunu Yadigar Süleymanov vurub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Avstriyanın “Austriya” klubu ilə UEFA kubokunun Vyanadakı görüşündə (1:5) “siftə”ni gerçəkləşdirib.