Topaz Premyer Liqasının XXXII turunda “Qarabağ”la qarşılaşacaq “Zirə” qarşılaşmanın hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə ötən turdakı matçdan sonra iki gün istirahət edən futbolçular bu gündən məşqlərə start veriblər.
Baş məşqçi Adil Şükürovu ən çox narahat edən amil Rəşad Abdullayevin zədələnməsidi. “Neftçi” ilə matçdan sonra ayağında ağrılar hiss edən kapitanın əzələsində yüklənmə olduğu üzə çıxıb. Məşqçilər korpusunun istirahət etmək imkanı verdiyi yarımmüdafiəçi tezliklə məşqlərə başlayacaq. Onun növbəti turda iştirak edib-etməyəcəyini baş məşqçi müəyyənləşdirəcək.
Uzun zədədən sonra ötən turda əvəzedicilərin heyətində ilk oyununu keçirən yarımmüdafiəçi Dieqo Souza liderlə görüşü də buraxacaq. Belə ki, braziliyalı hələ oyun praktikasından əziyyət çəkdiyindən, onun ən azı daha bir turu əvəzedicilərdə keçirməsi qərara alınıb.
Mövsümün sonunda komandadan ayrılacaq braziliyalı müdafiəçi Çimezi Mbah da son turları əvəzedici heyətdə keçirməli olacaq.
Qeyd edək ki, “Zirə” – “Qarabağ” oyunu mayın 1-də baş tutacaq.