Yanvarın 5-də qış hazırlığına start verəcək AZAL ilk transferini gerçəkləşdirib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, dünən klubun bazasında iki illik müqaviləyə imza atan Eltun Hüseynov yeni ildə “təyyarəçilər”in heyətinə cəlb olunan ilk futbolçu olub.
Mövsümün birinci yarısını “Zirə”də keçirən gənc müdafiəçi əslində bu komandaya yad sima deyil. Belə ki, hələ yayda baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan Hüseynovun sənədlə bağlı problem üzündən AZAL-a keçidi baş tutmamışdı.
Futbolçunun o vaxt məxsus olduğu “Bakı” klubu onun transfer vərəqini verməkdən imtina etmiş və nəticədə 1993-cü il təvəllüdlü Eltun “Zirə”yə “göndərilmişdi”.