Yayda “Zirə”yə transfer olunan Kervens Belfort Hindistandan təklif alıb. Apasport.az saytı xəbər verir ki, yeni yaradılmış “Jamşedpur” klubu 25 yaşlı hücumçunun xidmətində maraqlıdı.
Hindistan təmsilçisinin feysbuk səhifəsi Belfortun keçidinin artıq həll olunduğunu və Haiti yığmasının üzvü ilə müqavilə imzaladıqlarını bəyan edib. Lakin “Zirə”nin baş məşqçisi Ayxan Abbasov əməkdaşımızla söhbətində bu məlumatı təkzib edib.
O, “Jamşedpur”dan təklif gəldiyini təsdiqləsə də, hazırda danışıqların davam etdiyini bildirib: “Düzdü, Hindistan klubu Belfortu heyətində görmək istəyir. Onun “Zirə” ilə 1+1 illik müqaviləsi var. Buna görə də, “Jamşedpur” rəsmiləri bizimlə danışıq aparırlar. Mövqeyimizi onlara bildirib, şərtlərimizi demişik. Razılaşsalar, bu keçid baş tuta bilər. Amma indiki məqamda rəsmi bir şey yoxdu”.
Bu isə o deməkdi ki, Hindistan klubu Belfortu heyətinə qatmaq üçün “Zirə”nin tələb etdiyi məbləği ödəməlidi.
Qeyd edək ki, "Jamşedpur" klubu bu il yaradılıb və Hindistan Superliqasının debütantıdı.
