“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Astra” heyətini gücləndirir. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Curcu təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Mateo Polyakı transfer edib.
Son komandası Avstraliya təmsilçisi “Nyukasl” olan 27 yaşlı futbolçu artıq Rumıniyaya yollanıb. Xorvatiyanın U-19 yığmasının sabiq üzvü azad agent olduğundan, bu keçid “Astra”ya havayı başa gəlib. Onun “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb-salınmayacağına bu gün qərar veriləcək.
Qeyd edək ki, ölkəsində “Lokomotiva” və Zaqreb “Dinamo”sunun formasını geyinmiş Mateo Polyak 2012-2015-ci illərdə Avstraliya klubu “Sidney Uonderers”də çıxış edib və bu komandanın heyətində Asiya Çempionlar Liqasının qalibi olub.