[b]"Çərçivə"ni itirən "Qarabağ": Pedro fol sayında liderdi[/b]
02.11.2017 - 10:54
[b]"Çərçivə"ni itirən "Qarabağ": Pedro fol sayında liderdi[/b]

Çempionlar Liqasının IV turunun qarşılaşmalarından sonra müxtəlif göstəricilər üzrə statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” bəzi göstəriciləri ilə fərqlənənlər sırasında yer alıb.

 

Təəssüf ki, qitənin ən nüfuzlu klub turnirinin debütantı yaxşı mənada deyil, mənfi məqamlarda diqqət çəkib.

 

“Qarabağ” 4 turda çərçivəyə cəmi 7 zərbə vurub. Bu da 32 komanda arasında sonuncu yerdi. Bu qədər az zərbə vuran, çərçivəni itirən komanda yoxdu.

 

Qapı istiqamətində ümumi zərbə sayında da çempionumuz son sıralardadı. Hesabında 32 zərbə olan “Qarabağ” 30-cu yerdədi və yalnız “Olimpiakos”la APOEL-i qabaqlayır.

 

Çərçivəyə düşməyən, qeyri-dəqiq zərbələrinin sayı 14-ə bərabər olan Ağdam klubu 32 komanda arasında 29-cudu.

 

Qurban Qurbanovun yetirmələri rəqib qapıları önündə 10 dəfə künc zərbəsi yerinə yetirib. Təmsilçimiz bu nəticə ilə 27-29-ci yerləri bölüşür.

 

Çempionumuzun rəqibləri isə 33 korner vurub. Əyalət klubu belə vəziyyətə ən çox düşən 4 komandadan biridi. “Qarabağ” 3-4-cü yerləri bölür.

 

Çempionumuz 4 qarşılaşmada 58 qayda pozuntusuna yol verib. Orta hesabla hər matçda 14,5 fola yol verən “Qarabağ” intizamsızlar arasında 5-cidi.

 

Qırmızı vərəqə sayında isə təmsilçimiz “zirvə”yə şərikdi. Dino Ndlovu və Pedro Enrikenin meydandan qovulması ağdamlıları antirekorda daşıyıb. Çempionumuz “Benfika” ilə eyni sayda – hamıdan çox 2 qırmızı vərəqəyə üzülüb.

 

Komandamızın intizamsızlığında ən böyük pay sahibi Pedro Enrikedi. Meydana çıxdığı 4 matçda 15 dəfə qayda pozuntusuna yol verən yarımmüdafiəçi Çempionlar Liqasında fol sayında 1-cidi.

 

Azərbaycan çempionu əsasən mənfi məqamlarla seçilsə də, təsəlli xarakterli müsbət göstəricilər də diqqət çəkir.

 

4 oyunda 46 min 469 m məsafə qət edən Riçard Almeyda turnirdə ən çox qaçan 7-ci oyunçudu. 1-ci pillədə olan “Mançester Siti”nin oyunçusu Kevin de Bruyne 48 min 52 m qət edib. Riçard ondan 1583 m geri qalır.

 

Ötürmələrdə 100 faizlik dəqiqliyə malik 11 oyunçu arasında da təmsilçimiz var. Ümumiyyətlə, bu göstəricidə əsasən az sayda ötürmə verənlər öndədi. Cəmi 2 dəfə pas verib, xəta etməyən Elvin Yunuszadə də bu fərqlənənlərdən biridi.

0