[b]DÇ-2018: Uruqvay yığması - DOSYE[/b]
07.05.2018 - 18:05
[b]DÇ-2018: Uruqvay yığması - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 37 gün qalır. Bugünkü dosyemiz mundialın növbəti iştirakçısı Uruqvay yığması haqqındadı.

 

Uruqvay təsnifat mərhələsinə yaxşı başlasa da, Çili, Braziliya və Peru ilə oynanılan matçlarda qeydə alınan ardıcıl 3 məğlubiyyət mundiala vəsiqəni təhlükə altına atmışdı. Lakin son periodda yenilənmiş yarımmüdafiə xətti sayəsində yenidən köhnə formasına qayıdan Uruqvay Rusiyaya “bilet” qazandı.

 

 

DÇ-2018-ə aparan yol: Həlledici məqamlar

 

2015-ci il, oktyabr

 

Luis Suares və Edinson Kavaninin yoxluğunda, Boliviya səfərində və Kolumbiya ilə ev görüşündə qeydə alınan nəticələr həm yığmanın əhvalına müsbət təsir etmiş, həm də heyətin genişliyi baxımından məşqçilər korpusunu sevindirmişdi.

 

2015-ci il, noyabr

 

Suaresin xidmətindən məhrum olmasına baxmayaraq, standartlar və sürətli hücumlar hesabına Uruqvayın növbəti qurbanı qitənin son çempionu Çili idi.

 

2017-ci il, mart

 

Peru ilə görüşdə alınan 1:2 hesablı məğlubiyyət ardıcıl üçüncü idi. Maraqlı tərəfi - hər üç oyunda hesabda ilk önə keçən tərəf Uruqvay idi.

 

2017-ci il, sentyabr

 

Argentina ilə görüşdə qeydə alınan qolsuz bərabərlikdən 5 gün sonra səfərdə Paraqvay üzərində qazanılan 2:1 hesablı qələbə Uruqvayın növbəti dünya çempionatına vəsiqə qazanması anlamına gəlirdi.

 

 

Dünya çempionatına hazırlıq

 

Uruqvay mundiala hazırlıq məqsədilə mart ayında “China Cup” adlı turnirdə iştirak edib. Sözügedən turnir çərçivəsində iki matça çıxan cənubi amerikalılar həm Uelsi (1:0), həm də Çexiyanı (2:0) məğlub ediblər. İki qat dünya çempionları iyunun 8-də Özbəkistanla qüvvələrini sınayacaqlar.

 

 

Dünya çempionatında

 

Uruqvay dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Misir yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq. “Mavilər” ilk görüşdə Misirlə üz-üzə gələcək. Ardınca Uruqvay Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Qrup mərhələsindəki sonuncu rəqib isə ev sahibi Rusiya olacaq.

 

 

Baş məşqçi

 

Oskar Tabares: 71 yaş (03.03.1947)

 

Oskar Tabares 2006-cı ildən bəri Uruqvay yığmasına rəhbərlik edir. Bu, onun millidəki ikinci dövrüdü. Daha öncə 71 yaşlı mütəxəssis 1988-1990-cı illərdə də “mavilər”i çalışdırıb. Yığmanın aşağı yaş qruplarında qazandığı uğur sayəsində əsas millinin “radar”ına düşən Tabaresin rəhbərliyi altında Uruqvay 2011-ci ildə Amerika Kubokunun qalibi olub. O, 2010 və 2011-ci illərdə ardıcıl iki dəfə ən yaxşı cənubi amerikalı baş məşqçi seçilib.

 

 

Uruqvay

 

FİFA sıralaması: 17-ci yer

Dünya çempionatlarında iştirak sayı: 12 (1930, 1950, 1954, 1962, 1966, 1970, 1974, 1986, 1990, 2002, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 51 (20 qələbə, 12 heç-heçə, 19 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 81-70

Ən yaxşı nəticə: Çempionluq (1930, 1950)

Dünya çempionatlarında ən çox oyun keçirən uruqvaylı futbolçular: Ladislao Mazurkeviç – 13 oyun (1966, 1970, 1974)

Dünya çempionatlarında ən çox qol vuran uruqvaylı futbolçu: Oskar Miqes – 8 qol (1950 (5), 1954 (3) )

 

 

DÇ-2018

 

Qrup mərhələsi

 

A qrupu

 

15 iyun

 

18:00. Misir-Uruqvay

 

“Yekaterinburq Arena”, Yekaterinburq

 

20 iyun

 

19:00. Uruqvay – Səudiyyə Ərəbistanı

 

“Rostov Arena”, Rostov

 

25 iyun

 

19:00. Uruqvay – Rusiya

 

“Samara Arena”, Samara

 

 

Təxmin olunan iştirak ərizəsi

 

Qapıçılar: Martin Kampanya (“İndependyente”), Fernando Muslera (“Qalatasaray”), Martin Silva (“Vasko da Qama”)

 

Müdafiəçilər: Martin Kaseres (“Latsio”), Sebastyan Koates (“Sportinq”), Xose Mariya Ximenes, Dieqo Qodin (hər ikisi “Atletiko”), Maksi Pereyra (“Porto”), Qaston Silva (“İndependyente”), Qilyermo Varela (“Penyarol”).

 

Yarımmüdafiəçilər: Rodriqo Bentankur (“Yuventus”), Jorjian de Arraskaeta (“Kruzeyro”), Dieqo Laksalt (“Cenoa”), Naytan Nandes (“Boka Xuniors”), Kristian Rodriqes (“Penyarol”), Karlos Sançes (“Monterrey”), Lukas Torreyra (“Sampdoriya”), Federiko Valverde (“Deportivo”), Matias Vesino (“İnter”).

 

Hücumçular: Edinson Kavani (PSJ), Luis Suares (“Barselona”), Maksi Qomes (“Selta”), Kristian Stuani (“Jirona”).