[b]“Qəbələ” böyük hesabla uduzmasa...[/b]
18.04.2017 - 10:28
[b]“Qəbələ” böyük hesabla uduzmasa...[/b]

Azərbaycan Premyer Liqasının sonuna iki tur qalsa da, həm çempion, həm də digər iki mükafatçı bəllidi. Apasport.az saytının məlumatına görə, medallar baxımından yalnız gümüşlə bürüncün kimə qismət olacağı maraq doğurur.

 

Belə ki, ilk “üçlük”də yerini təmin edən “Qəbələ” və “İnter” daha yüksək əyarlı medal üçün savaşacaq. Ardıcıl 4-cü qızılına yiyələnən “Qarabağ”dan fərqli olaraq, bu iki komanda üçün qarşıdakı oyunlar formallıq daşımayacaq.

 

Hazırda 49 xalla 2-ci sırada olan “Qəbələ” gümüşə daha yaxındı. 6 xal geridə olan “İnter”in işi çətindi. Özü də bakılıların taleyi öz əlində deyil.

 

Amma paytaxt təmsilçisi intriqanı son tura daşıya bilər. Qarşıdakı XXVII turda gümüş “ovçuları” əyani dueldə üz-üzə gələcək. Bu da gümüş baxımından həlledici olmasa da, kifayət qədər vacib matçdı.

 

“Qəbələ” “İnter”lə öz meydanında görüşəcək ki, bu da Roman Qriqorçukun yetirmələri üçün əlavə üstünlükdü. Əyalət təmsilçisi gümüşü elə bu qarşılaşmada rəsmiləşdirə bilər.

 

Bunun üçün “qırmızı-qaralar”a məğlubiyyət də kifayət edir. Amma bir şərtlə ki, meydan sahibləri 1 top fərqilə uduzsun. Çünki “İnter” ən yaxşı halda xal hesabında tarazlıq yarada bilər. Bu da baş versə, şəxsi oyunlar əsas götürüləcək.

 

İki dəfə heç-heçə (0:0, 1:1) edib, 1 dəfə qələbə qazanan (2:0) qəbələlilər bu göstəricidə də üstündü. Buna görə də “İnter” ən azı 2 top fərqilə qalib gəlməlidi. İstənilən digər nəticə - qələbə, heç-heçə və ya 1 top fərqli məğlubiyyət “Qəbələ”ni 2-ci, “İnter”i 3-cü edəcək.

 

Bu hadisə yaşansa, XXVIII tur hər iki komanda üçün formal olacaq. Yəni “Qəbələ”nin “Sumqayıt”, “İnter”in “Kəpəz”lə səfər görüşləri qonaqlar üçün əhəmiyyətsiz olacaq.

 

Əslində 2 top fərqli istənilən qələbə də Zaur Svanadzenin yetirmələri üçün kifayət etmir. Düzdü, şəxsi görüşlərdə tarazlıq yarandığından qələbə sayına, bu rəqəmlər də bərabər olduğundan top fərqinə baxılacaq. Hazırda “Qəbələ” (+27) “İnter”dən (+8) nə az, nə çox 19 top öndədi. Bu da o deməkdi ki, əgər bakılılar bu tur 2 top fərqilə qalib gəlsə, son matçda özü də darmadağın etməli, “Sumqayıt”ın da belə nəticəsinə ümid etməlidi ki, iki matçda ümumilikdə 19 top fərqi qeydə alınsın. Bu isə kağız üzərində real, gerçəklikdə mümkünsüz görünür.

 

Bir sözlə, 2 top fərqi də paytaxt təmsilçisi üçün yetərli olmayacaq. Son turun matçları yalnız bir halda formal olmayacaq ki, “İnter” Qəbələdə 3 və ya daha çox top fərqi ilə qalib gəlsin, bununla da şəxsi oyunlarda üstünlük qazansın.

 

Paytaxt futbolçularının böyükhesablı qələbəsindən sonra diqqətlər son tura yönələcək. Amma yenə hər şey əyalət klubunun əlində olacaq. Sumqayıtda qazanılacaq istənilən xal “Qəbələ”ni 2-ci edəcək. Əgər sonuncular uduzsa, “İnter”in Gəncədəki qələbəsi gümüş gətirmək gücündə olacaq.