“Kəpəz” “Dalğa Arena”da keçirilən avrokubok matçında uduzan ilk Azərbaycan klubu olub. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Avstriyanın “Admira” klubuna 0:2 hesabı ilə yenilib.
Bu stadionda baş tutan əvvəlki 7 avrokubok matçında təmsilçilərimiz heç vaxt uduzmamışdı. 2 dəfə qalib gəldiyimiz arenada “İnter” Estoniya “Trans”ını 2, “Neftçi” Gürcüstan “Zestafoni”sini 3 cavabsız qolla üstələmişdi.
Digər 5 qarşılaşmada isə qalib müəyyənləşməyib. “Bakı” Sloveniya “Mura”sı (0:0), “İnter” Yunanıstan “Asteras”ı ilə (1:1), “Nefçi” isə İsrail “Hapoel”i KŞ (2:2) və Kipr APOEL-i ilə “sülh” bağlamışdı. Bu 6 görüşün hamısı 2012/13 mövsümündə baş tutub.
4 ildən sonra avrokuboklara meydan olan stadionda “Kəpəz” Moldova “Daçiya”sı ilə oyundan qolsuz bərabərliklə ayrılmışdısa, özünün 2-ci, klublarımızın 8-ci oyununda məğlub oldu.