[b]"Nəticə səviyyə fərqini ortaya qoydu" - Patrik Şmidt[/b]
21.07.2016 - 00:16
[b]"Nəticə səviyyə fərqini ortaya qoydu" - Patrik Şmidt[/b]

Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Kəpəz” üzərində 2:0 hesablı qələbə qazanan “Admira” klubunun futbolçusu Patrik Şmitdin apasport.az saytına müsahibəsi

 

- İlk oyunla Bakıdakı matçı müqayisə edə bilərsinizmi?

- İlk görüşü kənardan izləmişdim. Fikrimcə, biz səfərdə daha yaxşı oynadıq. Bunun nəticəsi olaraq, lazımi nəticəni qazandıq.

 

- Maraqlıdır ki, birinci mərhələdə də səfərdə daha yaxşı oynadınız. Bəlkə evdə təzyiq daha çox olur?

- Elə deməzdim. Fərq ondadı ki, ilk oyundan sonra rəqibi daha yaxından tanıyırıq və nəticə çıxarmaq imkanımız geniş olur. İstər birinci, istərsə də bu mərhələdə demək olar, eyni yolu getdik. Doğma meydandakı oyunlardan sonra rəqibimizi analiz etdik, nəyi, necə etməli olduğumuzu dəqiqləşdirdik. Gücümüzü toplamağı bacardıq.

 

- Qarşılaşmadan öncə sizin Bakının istisində “boğula”cağınız gözlənilirdi. Amma əksini gördük...

- Günorta temperatur yüksək ola bilərdi, amma oyun vaxtı əla hava var idi. Belə havada futbol oynamaq rahatdı.  

 

- “Admira” Avropada sayılıb-seçilən klublardan deyil. Üçüncü mərhələyə yüksəlməyinizi klubunuz üçün tarixi uğur hesab etmək olarmı?

- Razıyam, güclü, sayılıb-seçilən klublardan deyilik. Amma addım-addım bu istiqamətdə irəliləyirik. Artıq ölkəmizdə bizi sevirlər, nəticələrimizlə maraqlanırlar. Biz də yerimizdə durmayacağıq. Daha yaxşılarını etməyə çalışacağıq.

 

- “Kəpəz”in futbolçuları yaxşı oynadıqlarını deyirlər. Bəs hansı tərəf pis oynadı?

- “Kəpəz” birinci oyunla müqayisədə indi inamlı təsir bağışladı. Daha çox müdafiədən oynayırdılar. Görünür, bizi əks-hücumda tutmağa çalışırdılar. Oyunlarında irəliləyiş var idi, bunu hiss etdik. Ancaq nəticə səviyyə fərqini ortaya qoydu.

 

- Hədəfiniz nədir?

- Üçüncü mərhələ ilə kifayətlənməyəcəyik. Mərhələləri sıralamaq istəyirik.

 

- “Kəpəz”in ev oyunlarını Bakıda keçirəcəyini bilmirdiniz?

- Oyunun harda keçirilməsinin bizim üçün fərqi yoxdu. Eyni hava şəraitində, iqlim qurşağında oynayacaqdıq.

 

- Amma komanda Gəncədə oynasaydı, stadiona azı 20 min azarkeş gələcəkdi...

- Doğurdan? Belə daha əla olardı. Biz də azarkeşlərin çox olmasını istərdik. Onda oyun daha maraqlı keçir. Tribunalar rəngarəng olur.

 

0