[b]"Özünüz çəkilmisiz kənara, futbolçunu danışdırırsınız" – MÜSAHİBƏ[/b]
21.05.2016 - 00:07
[b]"Özünüz çəkilmisiz kənara, futbolçunu danışdırırsınız" – MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının XXXVI turunda səfərdə “İnter”ə məğlub olmasına baxmayaraq, çempionatı ikinci pillədə başa vuran “Zirə”nin futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Oyunla bağlı fikirlərinizi bildirərdiz...

- “İnter”i təbrik edirəm. Sonuncu oyun idi, bir az formal xarakter daşıyırdı. İşimizi görmüşdük, buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər.

 

- Yeni yığılmış komandanın, Premyer Liqanın debütantının gümüş mükafat qazanmasını sürpriz saymaq olarmı?

- Təbii ki… Bu, başa çatan mövsümün ən gözlənilməz hadisəsi idi. Xüsusilə, ikinci yarıda komanda çox yaxşı oynadı. Ardıcıl qələbələr qazandıq. Bunun sayəsində də ikinci pillədə möhkəmlənə bildik.

 

- Necə düşünürsünüz, ilk pillənin sahibi “Qarabağ”ı keçib çempion olmaq ehtimalı var idimi?

- Bir ara aradakı xal fərqi çox azalmışdı. İkili oyunda əgər biz qalib gəlsəydik, fərq 6 xal olacaqdı. Bax onda nəyəsə ümid eləmək olardı. Çalışdıq, mübarizə apardıq, ancaq “Qarabağ” səviyyəsini göstərib qələbə qazandı və ehtimallar da aradan qalxdı.

 

- Müqavilənin müddəti başa çatıb, təklif varmı?

- Klubumla danışıq aparacağıq, yəqin ki, xeyirli bir addım atarıq.

 

- Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi – red.) bir dəfə müsahibəsində demişdi ki, əgər formanı bərpa etsən, yenidən Ağdam klubuna qayıda bilərsiniz...

- Xeyr, ümumiyyətlə, bu variant müzakirə olunmur.

 

- Avrokuboklarda çıxış edəcək digər klublardan təklif gəlsə, necə, düşünərsinizmi?

- Bu barədə hələ danışmaq istəmirəm. Burda da qala, başqa yerə də gedə bilərəm. Bir az fikirləşib, ən doğru addımı atmaq lazımdı. 5-10 günə hər şey bilinəcək.

 

- Yəqin ki, xəbəriniz var. “Xəzər Lənkəran” və “Rəvan”a yeni mövsüm üçün lisenziya verilmədi. Faktiki birincilikdə 8 komanda qalıb. Hadisələrin belə inkişafı hara gedir?

- Bu sualı mənə verməkdənsə, siz qabartmalısınız. Özünüz çəkilmisiz kənara, futbolçunu danışdırırsınız.

 

- Biz dəfələrlə qabartmışıq, sizin də fikriniz maraqlıdı...

- Əlbəttə ki, yaxşı hal deyil. 8 komanda ilə necə çempionat ola bilər? “Xəzər Lənkəran” kimi azarkeş dəstəyi olan komanda dağıldı. Çox acınacaqlı durumdu. Adam bilmir nə danışsın. Ancaq son ana qədər gözləmək lazımdı, görək yekunda nə qərar çıxacaq.

 

- Ümumi götürəndə bu mövsüm öz oyununuzdan razı qaldız?

- Bunu kənardan baxanlar, jurnalistlər və baş məşqçi daha yaxşı bilər. Əlimdən gələn qədər komandama kömək etməyə çalışdım. Bəzi uğurlu oyunlarımız da oldu. Alınmayan matçlar da oldu. Ancaq əgər ikinci yeri tutmuşuqsa, deməli hər şey qaydasında gedib.

 

0