Topaz Premyer Liqasında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, gözlənilməz hadisə çempionatın XXIX turu çərçivəsində hazırda keçirilən “Qarabağ” – “Kəpəz” matçında yaşanıb.
Belə ki, hakimin start fitindən təxminən 4 dəqiqə sonra 2 azarkeş əlində Azərbaycan bayrağı ilə meydana daxil olub. Bu qapıdan digər qapıya qədər qaçan fanatlar sonra eyni qaydada geri qayıdıblar. Onların bu hərəkətinə tribunadan əyləşən azarkeşlər də biganə qalmayıblar. Onlar meydana bayraqla daxil olan futbolsevərlərin bu addımını alqışla qarşılayıblar.
Adi halda bu hadisə ev sahibi olan komandanın cəzalanması ilə nəticələnəcəyi halda, çox güman ki, bu dəfə hansısa cəzadan söhbət getməyəcək. Çünki azarkeşlər bu addımı “Qarabağ”ın oyununda atmaqla, şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, aprelin 2-5-də Dağlıq Qarabağda baş verən atışmalarda onlarla həmyerlimiz şəhid olub.