[b]"Qarabağ"ın yubiley qolu[/b]
04.11.2016 - 12:26
[b]"Qarabağ"ın yubiley qolu[/b]

“Qarabağ” avrokuboklarda yubiley qoluna imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qitə miqyaslı turnirlərdə 75-ci dəfə rəqib qapısına yol tapıb.

 

Bu, Avropa Liqasının qrup mərhələsinin IV turunda baş verib. PAOK-la səfər oyununda 1:0 hesablı qələbə qazandıran top yubiley xarakteri daşıyıb.

 

İspaniyalı yarımmüdafiəçi Miçel bu tarixi qolun müəllifi olub. Əyalət klubu 75-ci qolu 76-cı matçda vurub. Bununla da komandanın orta məhsuldarlığı 0,987-yə çatıb.

 

Miçelin qolunu ikiqat yubiley kimi də dəyərləndirmək mümkündü. Çünki bu top “Qarabağ”ın həm də Avropa Liqasında 60-cı qoludu. 56-cı görüşdə vurulan top orta məhsuldarlığı 1,071-ə çatdırıb.

 

Avrokuboklarda ən çox qol vuran Azərbaycan klubu 1996-cı ildə debüt etdiyi qitə səhnəsindəki qollarını 4 müxtəlif turnirdə vurub. 60 qolu Avropa Liqasına təsadüf edən ağdamlılar Çempionlar Liqasında 12, İntertoto kubokunda 2, Kuboklar kubokunda isə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, Kuboklar kubokundakı yeganə qol “Qarabağ”ın qitə miqyaslı turnirlərdə ilk top olub. Bu qolu 1996-cı ildə “MüPA” ilə Finlandiyadakı görüşdə Bəxtiyar Musayev vurub.