“Kim istəyər ki, oyuna çıxmasın? Sadəcə, yoluna qoyulası məsələlər var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın kapitanı Ramazan Abbasov deyib.
Topaz Premyer Liqasının XXXVI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçına ev sahiblərinin çıxmaq istəmədiyi iddia edilir.
Məsələ ilə bağlı danışan Abbasov elitada qalmaq mənasında böyük önəm kəsb edən qarşılaşmaya çıxacaqlarını bildirib. Həmçinin, “Rəvan”da ənənəvi maaş probleminin qaldığını təsdiqləyən təcrübəli yarımmüdafiəçi rəhbərliyin komanda qarşısında söz verdiyini vurğulayıb: “Maliyyə məsələsi ilə bağlı bəzi çətinliklər var. Yanvardan bəri az maaşa oynamağa razılaşmışıq. Bu ilin ilk 2 ayında məvaciblər vaxtında verildi. Lakin sonra yenə problem başlandı, gecikmələr yarandı. Ancaq bizi narahat edən məsələ təkcə bu deyil. Ötən ilin 3 ayının – oktyabr, noyabr və dekabrın maaşlarını hələ də ala bilməmişik. İstəyirik ki, verilən sözə əməl edilsin. Axşama kimi bu problem həll olunmalıdı”.
Abbasov “Mövcud problem axşama kimi həll edilməsə, “Xəzər Lənkəran”la oyuna çıxmayacaqsız” sualına belə cavab verib: “Rəhbərlik söz verib. Yəqin ki, yalan deməzlər. Verilən vədə əməl edilməlidi. “Xəzər Lənkəran”la oyun vacib görüşdü. Biz bunu dərk edirik. Premyer Liqadakı yerimizi qorumaq istəyirik. Amma maliyyə problemi də yoluna qoyulmalıdı”.
Qeyd edək ki, “Rəvan” – “Xəzər Lənkəran” matçı sabah “Bayıl Arena”da keçirilməlidi.