“Qalatasaray”ın yarımmüdafiəçisi Yasin Öztəkin komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbolçu Türkiyə də daxil olmaqla, 4 müxtəlif ölkənin klublarından transfer təklifi alıb.
“Qalatasaray”da heyətdən kənarlaşdırılan 29 yaşlı oyunçu Superliqa klublarından “Bursaspor”, “Başakşəhər” və “Osmanlıspor”un maraq dairəsindədi. Ancaq bu komandalar keçidi havayı reallaşdırmaq niyyətindədilər və “sarı-qırmızılılar”ın onunla olan müqaviləyə xitam verməsini gözləyirlər.
Yasin isə hazırkı komandasında qazandığı 1,1 milyon avroluq maaşa istənilən kluba keçməyə razı olduğunu söyləyib. Bu baxımdan “Rubin” bir addım öndə hesab edilir. Çünki hələlik Rusiya təmsilçisinin təklifi daha cəlbedicidi. Ancaq “Rubin” rəhbərliyi ilk növbədə transfer qadağasının ləğvi üçün yerli futbol federasiyası ilə danışıqlara başlayıb. Əgər kazanlılar istəklərinə nail olsalar, o zaman Yasinlə rəsmi danışıqlara start veriləcək.
“Rubin”lə yanaşı, ABŞ-ın MLS liqasında mübarizə aparan “Kanzas Siti” və Qətər çempionatında çıxış edən bir klub da Yasinə təklif göndərib.
Qeyd edək ki, bir müddət əvvəl Yasin Öztəkinin adı “Qəbələ” ilə birgə hallansa da, “qırmızı-qaralar” bu məlumatı təkzib etmişdilər.