[b]Adrian Skarlatake qərarını verdi[/b]
06.06.2017 - 17:44
[b]Adrian Skarlatake qərarını verdi[/b]

Avropa Liqasında çıxış edəcək Bakının “İnter” klubu daha bir futbolçusu ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, söhbət Adrian Skarlatakedən gedir.

 

Paytaxt təmsilçisi ilə iyunun sonuna qədər müqaviləsi olan rumıniyalı müdafiəçi yeni sözləşməyə razılıq verməyə tələsmirdi. Skarlatake “İnter”in yeni rəhbərliyi qarşısında şərtlərini irəli sürərək, qarşı tərəfin cavabını gözləyirdi.

 

Rəhbərlik və futbolçu arasındakı danışıqlar müsbət nəticələnib. Skarlatake “İnter”in Bakıdakı hazırlıq prosesində iştirak etdikdən sonra bu gün komanda ilə birgə Türkiyəyə yollanıb.

 

Düzdü, tərəflər hələlik yeni müqaviləyə qol çəkməyiblər. Bu proses “İnter” Bakıya qayıtdıqdan sonra həyata keçiriləcək. Məlumatı əməkdaşımızla söhbətində Skarlatake özü də təsdiqləyib: “Bəli, karyeramla bağlı qərarımı verdim. “İnter”də qalıram. Bolu toplanışı başa çatandan, yəni Bakıya qayıdandan sonra yeni müqaviləyə qol çəkəcəm”.

 

Qeyd edək ki, transfer qadağası səbəbindən heç kimi heyətinə qata bilməyən “İnter” mövsümlərarası fasilədə əksər oyunçuları ilə sözləşməni yeniləyib. “Qarabağ”la anlaşan Abbas Hüseynov, “Neftçi”yə keçən Səlahət Ağayev və karyerasını bitirən Zurab Xizanişvili istisna təşkil etsə də, onlardan ikisi – Abbas və Səlahət avrokubokda bakılıların heyətində yer alacaq.