[b]AFFA-dan Samir Abasova 5 oyunluq cəza[/b]
07.03.2016 - 16:24
[b]AFFA-dan Samir Abasova  5 oyunluq cəza[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən toplantıda ölkə kubokunun 1/4 mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXIV turunun qarşılaşmalarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

Kubokun “Rəvan”la görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “İnter” min manat cərimə olunub. “Xəzər Lənkəran” – “Neftçi” oyununun ilk yarısında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “aə-yaşıllar” min manat ziyana düşüb.

 

“Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Bu səbəbdən çalışdırıcı 5 oyun cəzalanıb və klubu 5000 manat xərcə salıb.

 

Topaz Premyer Liqasının “Xəzər Lənkəran” – AZAL matçında paytaxt təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün bakılılar 1000 manat ödəyəcək. “Neftçi” – “Qəbələ”  oyununun 80-ci dəqiqəsində aşkar kobudluğa görə qırmızı vərəqə alan Jario Rodriges 2 turluq cəzalanıb, “ağ-qaralar”ı 2000 manat cəriməyə məruz qoyub.