AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda dekabrın 22-də keçirilən iclasda Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçı ilə bağlı çıxarılan qərara yenidən baxılın.
Buna "Kəpəz"in klubu Apellyasiya və Ekspert Komitəsinə müraciəti səbəb olub. Bu komitə müraciəti araşdırdıqdan sonra məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərib.
İntizam Komitəsi məsələyə yenidən baxaraq, əvvəlki qərarını dəyişib.
Belə ki, oyun gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş verib. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılıb.
Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda "Kəpəz"in ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında Gəncə klubuna verilmiş cərimə ləğv olunub.
Qeyd edək ki, “Kəpəz”in bir qrup azarkeşi tərəfindən “Neftçi” fanatlarına daş atıldığı üçün Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunmuşdu.