Afrikada 2016-cı ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Lester”in yarımmüdafiəçisi Riyad Mahrez qitəsinin ən yaxşısı adına layiq görülüb.
Afrika Futbol Konfederasiyasına (CAF) namizəd ölkələrin baş məşqçiləri və federasiya rəsmilərinin qatıldığı səsvermənin nəticəsinə əsasən, əlcəzairli oyunçu 361 səslə hamını qabaqlayıb. Onu Qabon millisinin hücumçusu Pyerr-Emerik Obameyanq (313 səs) izləyib. Qaliblər Nigeriyanın paytaxtı Abucada təşkil edilən tədbirdə mükafatlandırılıblar.
Karyerasında ilk dəfə qitəsində ilin futbolçusu seçilən Mahrez İngiltərə Peşəkar Futbolçular Birliyi (PFA) tərəfindən də 2016-cı ilin ən yaxşısı adına layiq görülüb və bunu bacaran ilk afrikalı olub.
Qeyd edək ki, Mahrez 1992-ci ildən verilən mükafatı qazanan 16-cı fərqli oyunçu olub. Bu ada ən çox kamerunlu Samuel Eto və Fil Dişi Sahilidən olan Yaya Ture layiq görülüb – 4 dəfə.