[b]Ağayevlər arasında qalan “Neftçi” Şükürovla vidalaşır[/b]
03.04.2017 - 11:25
[b]Ağayevlər arasında qalan “Neftçi” Şükürovla vidalaşır[/b]

Uğursuz mövsüm keçirən “Neftçi”nin yayda heyətdə bir sıra dəyişikliklər etməsi qaçılmazdı. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin “qara siyahı”sında yer alan bir yerli futbolçu artıq məlumdu.

 

Belə ki, mövsümün gedişində baş məşqçi Elxan Abdullayevin təcrübəsinə güvənərək kollektivə cəlb etdiyi Şükürov bu ayın sonunda klubdan uzaqlaşdırılacaq. Şükürov ötən il, oktyabrın 14-də azad agent kimi müqavilə imzaladığı bakılıların heyətində heç cür özünü göstərə bilməyib. Təsadüfi deyil ki, 35 yaşlı müdafiəçi komandada yer aldığı gündən bəri keçirilən 18 çempionat matçının cəmi 6-da meydan üzü görüb. Millimizin sabiq üzvü yalnız 3 dəfə start heyətində yer alıb ki, bu da XI, XII və XIII turlara təsadüf edir.

 

Cəmi 1 dəfə görüşü əvəz edilmədən keçirən Şükürov qış fasiləsindən sonra da əvvəlki formasını bərpa edə bilməyib. Əksinə, artıq çəkidən əziyyət çəkən futbolçu ikinci yarıda cəmi 2 dəfə meydana sonradan daxil olub ki, bu da ümumilikdə 10 dəqiqə edir. Qış fasiləsindən sonrakı 11 qarşılaşmanın 9-da xidmətinə ehtiyac duyulmayan müdafiəçi mövsümün sonunda karyerasında 3-cü dəfə “Neftçi” ilə vidalaşmalı olacaq.

 

Mahir Şükürovla eyni gündə “Neftçi” ilə müqavilə imzalayan qapıçı Boban Baykoviçin də yayda yola salınacağı, demək olar ki, dəqiqdi. Əsas heyətə düşməkdə çətinlik çəkən serbiyalı qolkiperlə yollarını ayıracaq bakılılar yerli qapıçıya üstünlük verəcəklər. Klub rəhbərliyi yayda yığmamızın üzvləri Kamran Ağayev və ya Səlahət Ağayevlə heyətini gücləndirəcək.

 

Qeyd edək ki, həm Mahir Şükürov, həm də Boban Baykoviçin “Neftçi” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.