Milli komandamız DÇ-2018-in seçmə qrup mərhələsinə Almaniya səfərində yekun vurdu. Apasport.az saytının məlumatına görə, Kayzerslauterndəki qarşılaşmada iki fərqli hissə izlədik.
Düzdü, almanlar oyuna acımasız başladılar. Hesabı açana qədər və hətta ondan sonra bir müddət dayanmadan öndə pressinq etdilər. Amma bir müddət sonra komandamız həyəcanı üzərindən atdı, normal futbol oynamağa başladı. Birinci hissə bəxtimizin də köməyi ilə 1:1 bitdi. İkinci hissədə isə meydan sahibləri komandamıza daha bir neçə dəqiqə oynamaq imkanı verdi. Lakin 54-cü dəqiqədən etibarən alman maşını işə düşdü. Futbolçularımızı səhvlərə vadar etdilər və ardıcıl qollar gəldi – 5:1.
Kamran Ağayev – Buraxılan qollardan yalnız sonuncunu onun passivinə yazmaq olar. Doğrudu, ilk qolda top yaxın küncə ünvanlanmış və Ağayev reaksiya göstərə bilməmişdi. Ancaq zərbə yaxın məsafədən, üstəlik, gözlənilmədən vuruldu. Bir neçə dəfə komandanı real qoldan xilas etdiyini də unutmayaq.
Ruslan Abışov – Düzdü, 2 dəfə özünü topun qarşısına ataraq, qola mane oldu. Ancaq ümumilikdə elə də yaxşı deyildi. Bədavi Hüseynovla anlaşmada problem yaşadığı aşkar görünürdü.
Bədavi Hüseynov – Rəşadsız Bədavi damsız ev kimi görünürdü. Birinci hissədə ciddi boşluqlar buraxmasa da, fasilədən sonra o da rəqib hücumları qarşısında tab gətirmirdi. Almanların 3-cü qolunda topun qapıdan keçməsində rəqibə “kömək edən” Hüseynov 4-cü qolda isə cinah ötürməsini qaytara bilərdi.
Təmkin Xəlilzadə – Əslində, o qədər də bərbad deyildi. Düzdü, cinahında boşluqlar buraxdığı anlar da az olmadı. Ancaq ümumilikdə müdafiəçilər arasında ən çox diqqət çəkən Təmkin idi.
Məhəmməd Mirzəbəyov – Leroy Sane kimi, bəlkə də, dünyanın ən sürətli futbolçusuna qarşı oynamalı idi. Bəzi epizodlarda sürüşmə fəndi hesabına hücumun qarşısını almağı bacardı. Bəxti onda gətirdi ki, Sane əlinə düşən yüz faizlik şansları sağa-sola xərclədi.
Qara Qarayev – Ona çox iş düşürdü. Yaradıcılıqdan çox, dağıdıcılıq bacarığına ehtiyac var idi. Amma son vaxtlar enişdə olan Qara bu oyununu davam etdirdi. İlk qoldakı kobud səhvini xüsusi qeyd etmək lazımdı.
Rahid Əmirquliyev – Komandamızın ən yaxşı 2 oyunçusundan biri idi. Yeni kapitan orta sahədə çox qaçırdı. Mərkəzdə çıxış etməklə yanaşı, cinah müdafiəçilərinin də tez-tez köməyinə çatırdı.
Riçard Almeyda – Komandamız topu ələ keçirəndə öncə onu axtarırdı. Əks-hücumlar Almeyda ilə başlayırdı. Birinci hissədə topu qəbul edəndə ən azı mərkəzə qədər irəliləyib, öndəki “üçlüy”ün mövqe tutmasını gözləyirdi. 13-cü dəqiqədə qapıçı ilə təkbətək epizodda ləng davranması bərabərliyin daha erkən təmin olunmasının qarşısını aldı. İkinci hissədə meydanda görünməyənlər arasında “sambaçı” da var idi.
Cavid Hüseynov – Yarımmüdafiənin sol cinahda oynayan Hüseynov əvvəlcə elə də zəif təsir bağışlamırdı. Ancaq dəqiqələr keçdikcə o da oyununu itirdi və nəticədə əvəzləndi. Bundestimin 4-cü qolunda topu rəqibə hədiyyə etdi.
Əfran İsmayılov – Meydanın ən zəiflərindən biri idi. Çexiya ilə matçdakı təhlükəli Əfranın heç yarısını görə bilmədik.
Ramil Şeydayev – Komandamızın ən fəalı və ən yaxşısı idi. Vurduğu qolla yanaşı, irəlidə dayanmadan pressinq edir, rəqib müdafiəçilərini işsiz qoymurdu. Birinci hissədə Almeydanı əla ötürmə ilə qapıçı ilə üzbəüz qoydu. Amma standart vəziyyətlər zamanı geri çəkiləndə, əksinə, komandamıza maneçilik törətdi. Birinci qolda hava mübarizəsinə yüksəlmədisə, 3-cü qolda da Rudigerə “ikinci mərtəbədə” uduzdu
Dmitri Nazarov – II Bundesliqa üzvü almanların istədiklərini etdikləri vaxtda meydana girdi. Təbii ki, heç nə edə bilməzdi.
Ruslan Qurbanov – Son 13 dəqiqədə Əfranı əvəzləsə də, zəif oyunda ondan geri qalmadı.
Namiq Ələsgərov – Son 3 dəqiqədə meydanda oldu. Oyuna isinməmiş matç bitdi.
Ruslan SADIQOV / Kayzerslautern
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"