Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Real” – “Bavariya” matçı bir sıra məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, madridlilərin 4:2 hesablı qələbəsi ilə nəticələnən görüşdə rekord, antirekord, həmçinin bunlara yaxın olan göstəricilər qeydə alınıb.
Kriştianu Ronaldonun Çempionlar Liqasında 100-cü qolu vurması, Serxio Ramosun bu turnirdə 100-cü matçını keçirməsi, Robert Levandovskinin “Real”ı 6-cı dəfə məyus etməklə madridlilərin qəniminə çevrilməsi bu çoxsaylı rəqəmlərdəndi. Bundan başqa, daha bir neçə göstərici diqqət çəkir.
* “Bavariya” tarixində ən yaşlı start heyəti ilə Çempionlar Liqası matçına çıxıb. “Qocalar”ın orta yaşı 30 il 116 gün olub.
* “Real” qitənin ən nüfuzlu klub turnirində ardıcıl 7 dəfə yarımfinala çıxan ilk komanda adını qazanıb.
* “Bavariya” ilə görüşlərdə qollarının sayını 8-ə çatdıran Ronaldo eyni kluba ən çox top vuranlar siyahısında rekordun bir addımlığınadək irəliləyib. Yalnız “Arsenal”a 9 qol vuran Lionel Messi daha amansız qənimdi.
* “Bavariya” Çempionlar Liqasında 19-cu qırmızı vərəqəni alıb. Almaniyalılar yalnız “Yuventus”la müqayisədə daha intizamlıdı. İtaliyalılar 22 dəfə meydandan qovulub.