[b]Almeydanın arzusu, Reynaldonun vida sözü[/b]
26.01.2017 - 12:44
[b]Almeydanın arzusu, Reynaldonun vida sözü[/b]

“Qarabağ”ın futbolçuları Migel Madera və Riçard Almeyda “Adanaspor”a keçən Reynaldo Silva ilə vidalaşıblar. Apasport.az saytının məlumatına görə, onlar “İnstagram” sosial şəbəkəsində yazdıqları statuslar vasitəsilə Ağdam klubunun sabiq “9 nömrəsi”ni “yola salıblar”.

 

İspaniyalı yarımmüdafiəçi Migel Reynaldoya yeni komandasında uğurlar arzulamaqla yanaşı, onu heç vaxt unutmayacağını qeyd edib: “Qardaşım, mən səndən ötrü çox darıxacam. Hər şeyə görə sağ ol. Həyatının yeni səhifəsində sənə uğurlar arzulayıram. Sən mənim üçün həmişə ailəmin bir üzvü kimi olacaqsan. Bizi ayıran kilometrlərlə məsafəyə rəğmən, ürəyimdə qalacaqsan. Uğurlar, qardaş!!!”.  

 

Reynaldonun həmyerlisi və yaxın dostu Almeyda da bu keçidə biganə qalmayıb: “Tanrı səninlə olsun, həyatının yeni mərhələsində xeyir-duası üzərində olsun. Bilirsən ki, Tanrı həmişə səninlədi. Həmişə mənə güvənə bilərsən. Sənə ancaq yaxşı günlər arzulayıram. Yeni klubunda işlərin qaydasında getsin. Bir yerdə unudulmaz 4 il keçirdik”. 

 

Reynaldo isə sabiq komanda yoldaşlarına təşəkkürünü bildirib: “Hər şeyə görə çox sağ olun. Söz tapa bilmirəm. Sizi ürəkdən sevirəm”.