“Neftçi”nin braziliyalı futbolçusu Filyo Jairo Rodriges qeyri-adi antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı arxada qalan 24 turda 3-cü dəfə qırmızı vərəqə alıb.
Çempionatda cəmi 11 qarşılaşmada forma geyinən Jairo təxminən hər 4 matçdan bir meydandan qovulur. Bu isə təkcə Azərbaycan deyil, beynəlxalq miqyasda da nadir hallarda təsadüf olunan intizamsızlıqdı.
Ötən il oktyabrın 23-də IX turun AZAL, bu il fevralın 6-da XX turun “Rəvan”la matçlarında da qırmızı vərəqə alan legioner iki gün öncə “Qəbələ” ilə XXIV turun matçında da “fərqlənib”. 135 gün ərzində 3 dəfə komandasınız çətin vəziyyətdə qoyan Jairo “Neftçi”nin yeganə intizamsızı deyil.
Belə ki, müstəqillik tarixinin ən zəif dövrünü yaşayan paytaxt təmsilçisi intizamsızlıqdan da əziyyət çəkir. Qırmızı vərəqə sayında yalnız Jairodan geri qalıb, hərəyə 2 dəfə meydandan qovulan 4 oyunçudan biri də “Neftçi”ni təmsil edir. Bu, digər braziliyalı Aylton Silvadı. Elə “Sumqayıt”ın heyətində iki dəfə qovulan Emin Mehdiyev də “Neftçi”nin yetirməsidi. Onlar kimi Adrian Manuel Skarlatake və Elşən Rzazadə (hər ikisi “Xəzər Lənkəran”) iki qırmızı vərəqə alıb. Elə sonuncu da mövsümün ikinci yarısında “ağ-qaralar”ın intizamsızlarına komanda yoldaşı olub.
“Neftçi”nin qayda pozuntularına meylli oyunçuları təkcə qırmızı vərəqələrlə fərqlənməyib. Mövsümün ən çox xəbərdarlıq alan iki futbolçusu da paytaxt klubunun üzvüdü. Erik Ramos və Ruslan Qurbanovun vərəqələrinin sayı artlq 10-a çatıb.
Düzdü, Viktor İqbekoyi (“Zirə”), Budaq Nəsirov (“Kəpəz”), Cəmil Hacıyev (“Suçqayıt”) də çox xəbərdarlıq alanlardandı. Amma onlar hərəyə 9 dəfə cəzalanmaqla “Neftçi”nin intizamsızlarına çata bilmir. Bu 5 oyunçu kimi daha 2 futbolçu da mövsüm ərzində iki dəfə sarı vərəqə limitini doldurub. Ən az 8 “sarı” görənlərdən biri də “Neftçi”lidi. “Rəvan”lı Yamin Ağakərimzadə ilə eyni göstəriciyə malik Aqil Məmmədov da komanda yoldaşları kimi “rekord”u ilə diqqət çəkir. O, çempionatın qapıçıları arasında hamıdan çox sarı vərəqə alıb.
“Neftçi”nin indiki durumunda klubdakılar nəticələr haqda düşündüyündən intizamsızlıq kölgədə qalıb. Amma bu intizamsızlıq da nəticələrə az təsir etməyib. Azlıqda bitirilən matçlar, cəzalı futbolçularsız oyunlar sözünü deməyə bilməz.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?