[b]Antonio Konte azarkeşlərə müraciət edib, Bakıdakı oyunu xatırladı[/b]
04.07.2016 - 12:21
[b]Antonio Konte azarkeşlərə müraciət edib, Bakıdakı oyunu xatırladı[/b]

İtaliya yığmasının sabiq baş məşqçisi Antonio Konte azarkeşlərə müraciət ünvanlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Avropa çempionatında mübarizəni dayandırdıqdan sonra açıq məktubla məyusluğunu ifadə edib.

 

Konte 1/4 final mərhələsində oyunsonrası penaltilərlə Almaniyaya məğlubiyyətin məyusluğunu yaşasa da, komandaya vahid sistem formalaşdırmasına sevinir: “Sizin qələbə istəyinizi gerçəkləşdirə bilməmək məni üzdü. Buna baxmayaraq, fəxr edə biləcəyiniz bir komanda izlədiyinizi düşünürəm. Ən əsası, gələcəkdə istifadə ediləcək uğurlu sistem formalaşdı. Artıq ən pessimist azarkeşlər də böyük turnirlərdə İtaliya millisindən ümidlərini üzməyəcəklər”.

 

“Çelsi”nin “sükanı arxası”na keçən mütəxəssis yazısında Azərbaycanla görüşə də toxunub.

 

Maraqlıdı ki, o, Bakıda millimizə qarşı keçirdikləri AÇ-2016-nın seçmə mərhələsindəki qarşılaşmanın özləri üçün böyük önəm kəsb etdiyini söyləyib: “Elə oyunlar olmuşdu ki, ondan sonra öz-özümə “istefa verməlisən” demişəm. Geriyə dönüb baxdıqda Malta, Azərbaycan, Bolqarıstan və İngiltərə ilə qarşılaşmaların bizim üçün həlledici olduğunu görərik. Çünki iki illik çıxışımızla yanaşı, xüsusən də, həmin oyunlardakı performansımızı təhlil edib, Fransaya yollanacaq “23-lüy”ü müəyyənləşdirmişdim”.

 

Qeyd edək ki, “Skuadra Adzurra” Avropa çempionatının seçmə mərhələsində yığmamızı Palermoda 2:1, Bakıda isə 3:1 hesabı ilə məğlub etmişdi.