[b]Araz Abdullayev hesabı açanda...[/b]
19.09.2016 - 12:24
[b]Araz Abdullayev hesabı açanda...[/b]

Topaz Premyer Liqasının V turunun “İnter” – “Neftçi” oyunu millimizin futbolçuları Rauf Əliyevlə Araz Abdullayevin qol həsrətinə son qoyması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “bankirlər”in 2:1 hesabı ilə qalib gəldiyi görüşdə fərqlənən hər iki oyunçu mövsümdə ilk dəfə rəqib qapısına yol tapıb.

 

Komandasının uduzduğu matçda hesabı açan Abdullayev sonuncu dəfə bu il mayın 20-də qol sevinci yaşayıb. O, “Sumqayıt”la görüşdən sonra 121 günlük həsrət yaşayıb. Maraqlıdı ki, onda da Araz hesabı açmış, komandası 1:2 hesabı ilə uduzmuşdu.

 

Yeri gəlmişkən, “Neftçi” 3 matçlıq qolsuzluğa son qoyub. Bakılılar avqustun 6-da AZAL-la səfər oyunundan (2:0) sonra 43 gün bu qolu gözləyib. “Ağ-qaralar” 357 dəqiqə qolsuz qalıb.

 

“İnter”in hər iki qoluna imza atan Əliyev mayın 11-də “Xəzər Lənkəran”la qarşılaşmadan sonra fərqlənə bilmirdi. 130 gündən sonra sevinən hücumçu yenə 2:1 hesablı qələbədə pay sahibi olub.

 

Ölkə çempionatlarındakı qol sayını 40-a çatdıran Raufun son dublu isə 2013/14 mövsümündə qeydə alınmışdı. “Bakı”da çıxış etdiyi vaxt AZAL-a 2 qol vuran oyunçunun həmin dublu 2013-cü il oktyabrın 20-də qeydə alınmışdı. Rauf 1064 gündən sonra bir matçda 2 qol vurub.