“Barselona” ilə müqavilə imzalayanda dürüst düşündüm. Yaxşı oynayaraq, “Arsenal”a gedə bilərdim. “Barselona”ya keçmək üçün isə çox yaxşı oynamaq lazımdı”. Apasport.az saytı xəbər verir ki, bunu türkiyəli futbolçu Arda Turan deyib.
“Barselona”nın yarımmüdafiəçisi İspaniya mətbuatına açıqlamasında bu kluba keçidindən danışıb. “Atletiko”dan ayrılarkən “Arsenal”dan da təklif aldığını bildirən 29 yaşlı oyunçu seçim qarşısında qaldığını, lakin üstünlüyü “Barsa”ya verdiyini bildirib.
Komanda yoldaşı Lionel Messi barədə müsbət fikirlər səsləndirən Arda “Barselona”nı nə üçün seçdiyini belə izah edib: “Mənim oyun tərzim sadədi: qısa ötürmələr və keyfiyyətli oyun başda olmaqla, lazım gələndə aqressiv davranmaq. Bilirdim ki, “Barsa”da çıxış etmək üçün çox yaxşı oynamalıyam. Bu komandada Messi kimi futbolçu var. İnanılmaz oyunçudu, çox sürətlidi. Topu saxlaması, onunla irəliləməsi insanı şoka salacaq səviyyədədi. Ancaq ən önəmli üstünlüyü taktiki zəkasıdı. Çox ağıllı futbolçu olduğundan, bir anda rəqibi çarəsiz qoya bilir. Amma “Barselona”nı seçməyimdə Messi ilə birlikdə oynamaq istəyi rol oynamadı. Mən Çempionlar Liqasının qalibi olmaq üçün burdayam. “Barselona”ya uğurlar qazanmaq üçün gəlmişəm”.
Qeyd edək ki, “Barselona”da ümumilikdə 17 oyunda meydana çıxan Arda Turan aktivinə 2 qol, 4 assist yazdırıb.