[b]Avropa Liqası tarixində ilk dəfə[/b]
04.11.2016 - 10:52
[b]Avropa Liqası tarixində ilk dəfə[/b]

İspaniyanın “Atletik” klubunun futbolçusu Arits Aduris Avropa Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ispan futbolçu turnirin tarixində ilk penta-trikin müəllifi olub.

 

35 yaşlı futbolçu buna “Genk”lə ev oyununda imza atıb. Komandasının 5:3 hesablı qələbəsində beş qolla pay sahibi olan Aduris bunlardan üçünü penaltidən gerçəkləşdirib. Fasiləyədək 3, ikinci hissədə 2 qol vuran Aduris 2009-cu ildən Avropa Liqası kimi keçirilən turnirin rekordçularını arxada qoyub.

 

Qeyd edək ki, bunadək rekord eyni matçda 4 qol vuran Radamel Falkao (2010/11) və Edinson Kavaniyə (2012/13) məxsus idi. Turnirin 2009-cu ilədək UEFA kuboku adlandığı vaxtı da nəzərə alsaq, penta-triklərin sayı 11-ə çatıb.