[b]Avropa Liqasının 3 favoriti: İkisi bizə tanışdı[/b]
29.10.2015 - 10:43
[b]Avropa Liqasının 3 favoriti: İkisi bizə tanışdı[/b]

İngiltərə mətbuatı Avropa Liqasını qazanmağa ən real namizədlərin siyahısını hazırlayıb. Apasport.az saytının məlumatına görə, 3 favorit komandadan ikisi Azərbaycan klublarının rəqibidi.

 

Maraqlıdı ki, ingilis həmkarlarımız öz komandalarının adlarını bu siyahıya salmayıblar. Halbuki, “Liverpul” və “Tottenhem” kimi nəhəng komandalar bu turnirdə mübarizə aparırlar. Yerli KİV-in iddiasına görə, həm “Liverpul”, həm də “Tottenhem” bütün diqqətini İngiltərə Premyer Liqasına yönəldib və Avroliqaya ciddi yanaşmır.

 

Həmçinin, “Vilyareal”, “Latsio”, “Fiorentina”, “Şalke”, “Atletik” kimi tanınmış klublar da favoritlər arasında göstərilməyib.

 

İngilislərin fikrincə, Avropa Liqasını qazanmağa ən real namizədlər Dortmund “Borussiya”sı, “Monako” və “Napoli”di. Bu klubların hər üçü geridə qalan 3 turdan sonra öz qrupuna liderlik edir.

 

“Borussiya” və “Monako” bizə çox yaxşı tanış olan komandadı. Çünki almanlar “Qəbələ”nin, fransızlar isə “Qarabağ”ın yer aldığı qrupda mübarizə aparırlar.

 

Qeyd edək ki, ötən turda “Borussiya” “Qəbələ”yə (3:1), “Monako” isə “Qarabağ”a (1:0) qalib gəlmişdi. Bu komandaların cavab görüşləri noyabrın 5-də keçiriləcək.

0