Avropa ölkələrinin milli çempionatlarındakı ən uzun qələbə seriyaları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, buna “Srvena Zvezda”nın Serbiya Superliqasında imza atdığı nəticə səbəb olub.
Ardıcıl 24 qələbə qazanan Belqrad təmsilçisinin uğurlu seriyasının qırılmasından sonra UEFA-nın rəsmi saytı quruma üzv ölkələrdə qeydə alınan ən analoji halları xatırladıb. Qitənin ən yaxşısı isə “Benfika”dı. Lissabon klubu 1971-73-cü illərdə Portuqaliya çempionatında ardıcıl 29 qələbə qazanıb. Zaqreb “Dinamo”su 2006-07-ci illərdə Xorvatiyada 28 qələbəni sıralayıbsa, “Seltik” Şotlandiyada, Tirana “Dinamo”su Albaniyada 25 matçda xal itirməyib. Bu seriyalar 2003-04 və 1951-52-ci illəri əhatə edir. “Srvena Zvezda”nın indiki seriyası isə 5-ci yerdədi.
Avropada daha 3 dəfə 20 və daha uzun qələbə seriyasına nail olan klub tapılıb. İsveç “Malmö”su 1949-50-ci illərdə 23 qarşılaşmada rəqiblərini məğlub edib. 1987-88-ci illərdə Hollandiyada qarşısıalınmaz olan PSV 22 oyunda xal itirməyib.
UEFA-ya üzv ölkələr arasında 8-ci nəticə isə əslində “Kəpəz”ə məxsusdu. Gəncə təmsilçisi 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 dəfə (texniki qələbələrlə 22) rəqiblərini xalsız qoyub. Amma UEFA-nın rəsmi saytında bu seriya yer almayıb. Nədənsə seriyanı nəzərə almayan həmkarlarımız ardıcıl 15-19 qələbə qazanan 12 klubun da cədvəlini təqdim edib. Burada “Bavariya”nın (Almaniya) 19, “Hafnarfyordur”un (İslandiya) 18, “Olimpiakos”un (Yunanıstan) iki dəfə nail olduğu 17, “İnter” (İtaliya), “Styaua” və Buxarest “Dinamo”sunun (hər ikisi Rumıniya) 17, “Valyur”la (İslndiya) “Barselona”nın (İspaniya) 16, “Benfika” (Portuqaliya), “Real” (İspaniya), “Banqor” (İels) və “Sparta”nın (Çexiya) 15 matçlıq qələbə seriyaları da yer alıb.