[b]Avtomobili yandırılan hakimin Azərbaycana üçüncü səfəri[/b]
30.06.2016 - 11:33
[b]Avtomobili yandırılan hakimin Azərbaycana üçüncü səfəri[/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi “Baltsan”la keçirəcəyi cavab matçının baş hakimi Azərbaycan futboluna tanış simadı. Apasport.az saytının məlumatına görə, ukraynalı referi Yaroslav Kozik üçüncü dəfə ölkəmizə səfər edəcək.

 

2011-ci ildən FİFA dərəcəsini daşıyan 38 yaşlı referi Azərbaycana ilk dəfə 2011/12 mövsümündə gəlib.

 

Belə ki, həmin vaxt Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Xəzər Lənkəran” – “Makkabi” (Təl-Əviv, İsrail) oyununa 4-cü hakim kimi təyinat alıb. Lənkəranda baş tutan qarşılaşma qolsuz bərabərliklə nəticələnmiş və səfərdə məğlub olan (1:3) “ağ-yaşıllar” mübarizəni dayandırmışdılar.

 

Kozik ötən il də Azərbaycanda olub. O, 2015/16 mövsümündə yenə Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu üçün ölkəmizə səfər edib. Bu dəfə isə “İnter”in İslandiya klubu “Hafnarfyordur”la matçının baş hakimi funksiyasını yerinə yetirib. Səfərdə 2:1 hesablı qələbə qazanan “bankirlər” Bakıdakı görüşdə Rauf Əliyevin əlavə vaxtda vurduğu qol sayəsində heç-heçəyə (2:2) nail olaraq mərhələ adlayıb.

 

38 yaşlı Kozik Ukrayna Premyer Liqasının 2015/16 mövsümündə cəmi 9 qarşılaşma idarə edib. Ukraynalı referi tez-tez əlini cibinə atmağı xoşlayır. Belə ki, həmin 9 görüşdə 46 sarı, 1 qırmızı vərəqəyə ehtiyac duyub. Ancaq əvəzində heç bir oyunda penalti nöqtəsini göstərməyib.

 

Yaroslav Kozikin idarəçiliyi ölkəsində heç də hamı tərəfindən bəyənilmir. Referi ötən ilin aprel ayında insidentlə də üzləşib. Belə ki, həmin vaxt Ukrayna çempionatı çərçivəsində baş tutan “Dinamo” – “Zarya” (2:2) görüşündə meydan sahiblərinin haqlı penaltisini təyin etməyən Kozik kiyevli azarkeşlərin hücumuna məruz qalıb. Nəticədə fanatlar hakimin avtomobilini evinin qarşısında yandırıblar.

 

Qeyd edək ki, “Neftçi” – “Baltsan” oyunu iyulun 7-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Həmin matçda Yaroslav Kozikin briqadasında həmyerliləri Yevgeni Xalamendik, Viktor Matyaş və Nikolay Balakin yer alacaqlar.