AZAL-ın daha bir futbolçusu üçün mövsüm erkən bitib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət gənc yarımmüdafiəçi Kamal Mirzəyevdən gedir.
Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Rəvan”la keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən 20 yaşlı futbolçu həkim müayinəsindən keçib. Məlum olub ki, yarımmüdafiəçi çempionatın sonuna qədər məşq edə bilməyəcək. Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Kamalın ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.
Qeyd edək ki, buna qədər AZAL-da digər yarımmüdafiəçilər Seymur Əsədov və Tagim Novruzov da zədələnərək mövsümü qapamışdılar.