AZAL-ın daha bir futbolçusu uzun müddətə sıradan çıxıb. Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Tagim Novruzovun zədəsinin ciddi olduğu müəyyənləşib.
Topaz Premyer Liqasının XXV turunda “Neftçi” ilə görüşün birinci hissəsində zədələnən 28 yaşlı futbolçu Maqnit Rezonans Tomoqrafiyası (MRT) keçib. Məlum olub ki, futbolçunun sağ diz ön çarpaz bağları qopub. Bu isə o deməkdi ki, Novruzov ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Cari mövsümü erkən qapayan Tagim gələn mövsümün də startını buraxacaq. Həkimlər futbolçunun ən tezi sentyabr ayında məşqlərə başlaya biləcəyini bildiriblər.
“Neftçi” ilə görüşdə sifətindən xəsarət alan yeganə qolun müəllifi Kamal Mirzəyevin durumu isə o qədər də ciddi deyil. Doğrudu, 20 yaşlı yarımmüdafiəçi hələ də ağrılar hiss edir və məşqlərdə iştirak etmir. Onun Topaz Premyer Liqasının XXVI turunda “Zirə” ilə (20 mart) matçda iştirakı sual altındadı.
Qeyd edək ki, ötən ilin sentyabr ayında AZAL-ın digər yarımmüdafiəçisi Seymur Əsədovun ön çarpaz bağları qopmuşdu. Həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, 22 yaşlı Əsədov hələ də məşqlərə başlamayıb.