Topaz Premyer Liqasının XXVII turunda “Qəbələ” üzərində qələbə qazanan AZAL Avropa Liqasına vəsiqə şansını artırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” həftəsonu daha bir əsas rəqiblərindən olan “Kəpəz”lə üz-üzə gələcəklər.
Gəncə klubu ilə qarşılaşmanın hazırlıqlarını davam etdirən paytaxt təmsilçisi heyətlə bağlı problemlər yaşayır. Tagim Novruzov və Seymur Əsədovu mövsümün sonuna qədər itirən baş məşqçi Tərlan Əhmədov “Kəpəz”lə görüşdə daha 3 oyunçunun xidmətindən məhrum qala bilər.
Zədədən yenicə dönməsinə baxmayaraq, “Qəbələ” ilə oyunun birinci hissəsində yenidən topuğundan xəsarət alaraq əvəzlənən Kamal Mirzəyevin durumu qeyri-müəyyəndi. Hələlik yüngül məşqlərlə kifayətlənən 20 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə qarşılaşmanı buraxa bilər.
Həmçinin müdafiəçi Rail Məlikov və yarımmüdafiəçi İlqar Ələkbərov da zədədən əziyyət çəkirlər. Lakin artıq kollektivlə birlikdə məşqlərdə iştirak edən adıçəkilən futbolçularla bağlı son qərarı oyun saatında məşqçilər korpusu verəcək.
Qeyd edək ki, aprelin 3-də keçiriləcək AZAL – “Kəpəz” oyunu saat 15:00-da başlayacaq.