[b]AZAL-dan “Sumqayıt”ın prezidentinə cavab: Uduzmağı bacarmaq lazımdı[/b]
18.04.2016 - 10:50
[b]AZAL-dan “Sumqayıt”ın prezidentinə cavab: Uduzmağı bacarmaq lazımdı[/b]

“Oyundan sonra “Sumqayıt”ın prezidenti ilə söhbət elədim. Futbolçumuzun söyüş söydüyünü kim görüb, kim eşidib? Mən də deyə bilərəm ki, filankəs söyüş söydü”. Bunu apasport.az saytına AZAL-ın vitse-prezidenti Vaqif Qasımov deyib.

 

Topaz Premyer Liqasının XXX turu çərçivəsində keçirilən AZAL – “Sumqayıt” matçı qalmaqalsız ötüşməyib. Meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların tez-tez bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətməsi klub rəsmilərini də narahat edib. Nəticədə “Sumqayıt”ın prezidenti Kamran Quliyev narazılığını Vaqif Qasımova bildirib. Quliyev hətta “futbolçularınıza tərbiyə verin. Onlara deyin ki, özlərini ağıllı aparsınlar” söyləyərək, narazılığını sərt şəkildə ifadə edib.

 

Ancaq Qasımov dünənki qarşılaşmada “Sumqayıt” futbolçularının qeyri-etik hərəkətə yol verdiklərini vurğulayıb: “Mən sizə bir epizodu xatırladım. “Sumqayıt”ın qapıçısının hərəkətlərini hamı gördü. Bir epizodda qapısını tərk edib, futbolçumuzun üstünə cumdu, onu sinəsindən itələdi. Hakim gərək ona qırmızı vərəqə göstərəydi. Bu nə hərəkət idi? 50 metr qaçıb, ona aid olmayan məsələyə qarışdı, sonda da sarı vərəqə aldı. Heç nədən vərəqə almaq lazım idi sənə? Bu illər ərzində AZAL-ın stadionunda bir dəfə də olsun kiçik insident baş verməmişdi. Deyirlər ki, tərbiyə verin. Öz oyunçularına tərbiyə versinlər, sonra danışsınlar. Ən tərbiyəli futbolçular elə AZAL-dadı. Uduzmağı da bacarmaq lazımdı. Bunu problemə çevirmək lazım deyil”.

 

Oyun başa çatdıqdan sonra VİP tribunada əyləşən şəxslərdən biri AZAL-ın müdafiəçisi Qvanzav Maqomedova hədə qorxu gəlib, hətta stadionun kənarına adam da toplayıb. Sonradan məlum olub ki, həmin azarkeş “Sumqayıt”ın hücumçusu Vaqif Cavadovun əmisi oğlu olub.

 

Qasımov isə bununla bağlı Vaqifin atası Füzuli Cavadovla söhbət etdiyini bildirib: “Meydanda futbolçular bir-birləri ilə mübahisə ediblər. Futbolda belə hallar olur. Amma oyunçular paltardəyişmə otağına yollananda rəqibin azarkeşlərindən biri tribunadan bizim uşaqları söyüb. Düzdü, bunu mən eşitməmişəm. Amma klubumuzun vitse-prezidenti Fikrət Hüseynov orda idi. Mən aşağı düşənə qədər həmin azarkeş qaçıb getmişdi. Füzuli Cavadovla da görüşdüm. Onunla bir yerdə işləmişəm. Futboldankənar söhbət edirdik. Həmin hadisəni də soruşdum. Füzuli müəllim dedi ki, tribunada idim, xəbərim olmayıb”.

 

Ruslan SADIQOV