[b]1:0 "sevgisi"[/b]
01.02.2016 - 13:24
[b]1:0 "sevgisi"[/b]

AZAL qələbə seriyasını 4-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIX turunda “Qarabağ”ı məğlub edən “təyyarəçilər” yenə 1:0 hesablı qələbəyə seviniblər.

 

Bu, Tərlan Əhmədovun yetirmələrinin ardıcıl 4-cü belə uğurudu. 1:0-ları sıralayan komanda XVI turdan başlayaraq, eyni hesabla qalib gəlməkdə davam edir.

 

Ötən ilin sonunda növbə ilə “Xəzər Lənkəran”, “Neftçi” və “Zirə”ni 1 qolla keçən AZAL 6 oyunluq quru seriyasının son 4 matçında hesabına 12 xal yazdırıb. “Rəvan”la qolsuz heç-heçənin ardından başlayan bu qələbələr komandanın turnir cədvəlindəki mövqeyini də xeyli yaxşılaşdırıb.

 

Azərbaycan çempionatları tarixinə nəzər salsaq, bir komandanın 1:0 hesablı qələbələrə “sevgi”sinin şahidi olmaq mümkündü. Elə AZAL-ın özü bir dəfə də minimal hesablı qələbələri sıralayıb.

 

Bu, 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt “Olimpik” adı altında çıxış edən paytaxt təmsilçisi ardıcıl 4 dəfə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar “Turan”ı fərqli – 3:1 hesabı ilə yenəndən sonra “Gənclərbirliyi”, “Qəbələ”, ABN və “İnter”in hərəsinə 1 qol vurub, 12 xal əldə etmişdi. 1:0-ların seriyası “Standard”la qolsuz bərabərliklə başa çatmışdı.

 

Artıq ikinci dəfədi 4 oyunu minimal hesablı qələbə ilə başa vuran “təyyarəçilər” hələ də rekorda çata bilmir.

 

Belə ki, Azərbaycan çempionatları tarixində ardıcıl 6 matçda bu hesabla qalib gələn komanda olub. AZAL bunu təkrarlamaq üçün səfərdə “Kəpəz”, evdə “İnter”i 1 qolla üstələməlidi.

 

Bu göstəricidə rekord isə “MKT-Araz”a məxsusdu. 2006-cı ilin noyabrında “Xəzər Lənkəran”a 0:2 hesabı ilə uduzan İmişli klubu ardınca 1:0-a “sevgi”sini ortaya qoyub. “İnter”, “Turan”, “Karvan” və “Qarabağ”ı bu hesabla yendikdən sonra qış fasiləsinə yollanan əyalət klubu 2007-ci ilin əvvəlində “Şahdağ”la “Gilan”ı da 1 dəfə məyus edib. İmişliləri onların qapısından 3 cavabsız qol keçirən “Neftçi” dayandırıb.

 

Qeyd edək ki, ölkə çempionatlarında ardıcıl 4 dəfə 0:1 hesabı ilə uduzan komandalar da olub. “Xəzər” (Lənkəran) 1993/94, MOİK 2004/05 mövsümündə 1 qol buraxa-buraxa gedib.