Azərbaycan çempionatlarında yaşanan Bakı – bölgə rəqabətində tarazlıq yaranıb. Apasport.az saytının məlumatına görə, buna Ağdamın “Qarabağ” klubunun növbəti çempionluğu səbəb olub.
Premyer Liqanın XXVI turunda “İnter”i 3 cavabsız qolla məğlub edən əyalət klubu ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə qızıl medallara yiyələnib. Bunu sona iki tur qalmış təmin edən Qurban Qurbanovun yetirmələri bölgə təmsilçilərinin 12-ci uğurunun müəllifi olub.
Söhbət Azərbaycan çempionu titulunun paytaxtdan kənarı təmsil edənlərin qazandığı qızıl medallardan gedir. “Qarabağ”ın 5 zəfərindən başqa 4 komanda da belə uğur əldə edib. “Kəpəz” 3, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion adını qazanıb.
5 bölgə klubu Bakı təmsilçilərinə çatıb. Belə ki, paytaxtın çempion olan 3 klubu da 12 dəfə ən güclü adını qazanıb. “Neftçi” rekord sayda – 8 dəfə uğur əldə edibsə, “İnter”lə “Bakı” 2 dəfə sevinib.
“Qarabağ”ın ardıcıl 4 çempionluğu 1997/98 mövsümündən 2000/01-ə qədər olan dövrdəki nəticənin təkrarıdı. Həmin vaxtda da bakılılar 4 mövsüm çempion ola bilməmişdi. Hətta həmin 4 illiyin ardınca bir çempionat yarımçıq qalıb, digəri ümumiyyətlə keçirilməyib. Nəticədə paytaxt 1997-ci ildən 2004-cü ilədək uğur həsrətində olub.