[b]Azərbaycan klublarını Antalyada nə gözləyir?[/b]
18.10.2016 - 11:09
[b]Azərbaycan klublarını Antalyada nə gözləyir?[/b]

İl sona yaxınlaşdıqca klublar qış təlim-məşq toplantılarının planlarını cızmağa başlayıblar. Apasport.az saytı xəbər verir ki, Azərbaycan komandaları da yenə ölkə xaricində hazırlıq keçəcəklər.

 

Topaz Premyer Liqasında mübarizə aparan klubların bu dəfə də Antalyanı məskən seçmələri gözlənilir. Antalya İdman Turizm Birliyi sədri Fərit Turqut yerli mətbuata açıqlamasında bu məsələyə toxunub.

 

Şəhərin turizm sahəsində gerilədiyini bildirən Turqut qeydiyyat tarixinin başa çatmasına bir ay vaxt qalmasına baxmayaraq, hələlik 500 klubun ora yollanacağının dəqiqləşdiyini söyləyib: “2015-ci ildə Antalyaya təlim-məşq toplanışına gələn 2500 komandadan 100 milyon avro gəlir əldə edildi. 2016-cı ilin əvvəlində gələn komanda sayı 1500-ə endi və qazanılan məbləğ 70 milyon oldu. Geriləmə yenə qaçılmaz olacaq. Çünki 2017-ci ilin yanvar-mart ayları aralığı üçün indiyə qədər 500 klub qeydiyyatdan keçib. Bu baxımdan Azərbaycan, Tacikistan, Qırğızıstan, Moldova, Özbəkistan və Balkan ölkələrinin komandaları çoxluq təşkil edirlər. Gələn ilin əvvəlində 1000-ə yaxın komandanın Antalyaya səfərini proqnozlaşdırırıq. Hədəfimiz isə bunlardan 30 milyon avro gəlir götürməkdi”.

 

Antalya İdman Turizm Birliyi sədri onu da əlavə edib ki, böyük klubların şəhərə gəlişi gözlənilmir. Məsələn, Almaniyadan yalnız həvəskar komandalar, Rusiya Premyer Liqasından isə cəmi 4 klub qeydiyyatdan keçib. Bu isə o deməkdi ki, qışda Antalyaya yollanacaq Azərbaycan klubları orda yoxlama görüşləri üçün güclü rəqiblər tapa bilməyəcəklər.