[b]Azərbaycan kubokunda Qərb - Paytaxt duelləri[/b]
11.10.2016 - 11:01
[b]Azərbaycan kubokunda Qərb - Paytaxt duelləri[/b]

Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, turnir 1/16 final mərhələsinin oyunları ilə başlayacaq.

 

Yarışda 18 komanda iştirak etdiyindən ilk raundda cəmi 2 cüt münasibətlərini ayırd edəcək. I divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin duelləri 1 qarşılaşmadan ibarət olacaq.

 

1/8 finala vəsiqələrin sahibləri Qərb - Paytaxt duellərində bəlli olacaq. Belə ki, hər iki görüşdə Bakı klubları ilə ölkənin qərbini təmsil edənlər üz-üzə gələcək.

 

Eyni saatda başlayacaq matçların ikisində də əyalət klubları ev sahibi olacaq. Ötən il yaranan “Turan Tovuz” ölkə kubokundakı 2-ci mövsümündə “Bakılı”nı sınağa çəkəcək. I divizionun lideri cari mövsümdəki qələbə seriyasını kubokda da davam etdirməyə çalışacaq. İddiasız olan paytaxt klubu isə çempionatdakı uğursuz çıxışı unutdurmağa iddialıdı. Mərhələ adlayacaq komanda 1/8 finalda “Zirə”ni qəbul edəcək.

 

Liderlər qrupunda qərarlaşan “Şəmkir” isə “Qaradağ Lökbatan”ı qəbul edəcək. Mövsümə ardıcıl 3 qələbə ilə başlayan paytaxt təmsilçisi ardıcıl aldığı məğlubiyyətlərdən sonra uğursuzluq zolağından çıxmaq niyyətindədi. Bu cütün qalibi növbəti mərhələdə Bakı “İnter”inin qonağı olacaq.

 

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

 

14:00. “Turan Tovuz”  - “Bakılı”

Tovuz şəhər stadionu

 

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu