17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkatması və səbətlərin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir noyabrın 11-də keçiriləcək.
Bakı vaxtı ilə 12:10-da U-17, 13:00-da U-19-ların püşkü atılacaq.
Final mərhələsi Litvada keçiriləcək U-17-lərin çempionatında 44 komanda seçmə mərhələdə 11 qrupa bölünəcək. Komandalar püşkatma zamanı 4 səbətdə yer alacaq.
UEFA reytinqində 2,000 xalla 34-cü olan Azərbaycan millisi püşkatma zamanı gücünə görə 3-cü – C səbətində qərarlaşacaq. Seçmə mərhələnin matçları avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək.
U-19 yığmamız 3,500 xalla reytinqdə daha yüksək – 28-ci pillədə mövqe tutub. Bu komandamız da püşkatmada C səbətində yer alacaq. Seçmə mərhələdə çıxış edəcək 48 komanda 12 qrupa bölünəcək.
Final mərhələsi İsveçrədə baş tutacaq yarışa vəsiqələr uğrunda mübarizə 2017-ci ilin payızında start götürəcək.
Qeyd edək ki, UEFA-nın qaydalarına görə Azərbaycanla Ermənistan, Rusiya ilə Ukrayna, Kosovo ilə Serbiya, həmçinin Bosniya və Herseqovina ilə Kosovo eyni qrupda düşməyəcək.