Azərbaycan millisi futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan 46-cı komanda kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsində Hollandiyanı (5:1, 4:4) mübarizədən kənarlaşdıran yığmamız debütünü bu il Kolumbiyada təşkil olunacaq mundialda gerçəkləşdirəcək.
Sayca 8-ci olacaq yarışa qədər 43 komanda planetin ən nüfuzlu futzal turnirində iştirak edib. Daha ikisi isə millimiz kimi Kolumbiyada debüt edəcək. Bunlar Özbəkistanla Vyetnamdı. Lakin Asiya təmsilçiləri vəsiqəni daha əvvəl təmin etdiyindən millimizdək 45 komanda mundiala adını yazdırmışdı.
Yalnız 3 yığma bütün dünya çempionatlarında iştirak edib. Argentina, Braziliya və İspaniya ardıcıl 8-ci dəfə ən güclülər sırasında oynamaq hüququ əldə ediblər.
Kolumbiyadakı mundial daha bir məqamı ilə diqqət çəkir. Belə ki, dünya çempionatları tarixində ilk dəfə postsovet məkanı bu yarışda 5 komanda ilə təmsil olunacaq. Özbəkistanla Azərbaycan üçün debütlə əlamətdar olacaq turnirdə Rusiya, Ukrayna və Qazaxıstan da çıxış edəcək.
Sonuncu 4 komanda Kolumbiyaya vəsiqəni UEFA zonasından qazanıb. Bu isə o deməkdi ki, Avropa üçün ayrılan 7 yerin yarıdan çoxu – 4-ü keçmiş SSRİ təmsilçilərinindi.